Məzmuna keç

Sərxoş halda avtomobillə adam vurub öldürən şəxsin məhkəməsi başlayır

Saatlıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Seyran Babayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Oruc Cəlilovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə yanvarın 22-də Saatlı şəhəri, M.F.Axundov küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1980-ci il təvəllüdlü Babayev Seyran Fərhad oğlu nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan, sərxoş halda, təmir üçün ona verilmiş "VAZ-2107" markalı avtomobillə təmir məntəqəsinin həyətindən binaya daxil edərkən digər ustalar, Saatlı şəhər sakinləri – 1988-ci il təvəllüdlü Xankişiyev Mircəfər İlqar oğlunu və 1969-cu il təvəllüdlü Qənbərov Möhübbət Qənimət oğlunu vurub. Nəticədə M.Qənbərov hadisə yerində ölüb, Mircəfər Xankişiyev isə xəsarət alıb. Seyran Babayeva qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə