Məzmuna keç

İrandan Azərbaycana 112 kq narkotik gətirən şəxslər hakim qarşısına çıxarılır

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Rövşən Zamanov və Röyal Baloğlanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Samir Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qaradağ rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində paytaxt sakinləri Rövşən Zamanov və Röyal Baloğlanov saxlanılıblar. Onların avtomobilinə və yaşadıqları evlərə baxış zamanı hər iki şəxsə məxsus 112 kiloqram, o cümlədən 30 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 52 kiloqram qurudulmuş marixuana, 30 kiloqram metamfetamin və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Saxlanılan şəxslər narkotik vasitələri İran vətəndaşı “Hadı” adlı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən İmişli rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə