Məzmuna keç

“Mahal” MTK icra məmurunun tələblərini yerinə yetirməməkdə ittiham olunur

"Mahal" Mənzil-Tikinti Kooperativinə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, MTK barədə İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib. İş hakim Elçin Ağayein sədrliyi ilə araşdırılacaq.

İXM-nin həmin maddəsinə əsasən, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Şəbnəm Mehdizadə