Məzmuna keç

Ev sahibinin ölümündə təqsirləndirilən kirayənişinlər hakim qarşısına çıxarılır

Tovuzda adam öldürməkdə təqsirləndirilən Aynaz Alıyeva və Elçin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Roman Ələkbərlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Tovuz şəhər sakini, 1952-ci il təvəllüdlü İntizar Bağırovanın aprelin 30-da yaşadığı evdə aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Aynaz Alıyevanın kirayə yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı ev sahibi İntizar Bağırovaya zərbə endirərək pilləkəndən yıxması, daha sonra isə taxta materialdan olan əşya ilə vurması nəticəsində sonuncunun aldığı xəsarətlərdən müalicə olunduğu xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Aynaz Alıyeva və onunla birgə kirayədə yaşayan Elçin Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. Onlara qarşı Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə