Myanmanın Kaçin əyalətində nefrit mədəninin yerləşdiyi ərazidə baş verən sürüşmə nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Hpakant bölgəsinin yanğınsöndürmə idarəsi səlahiyyətlilərindən Sa Tay Za məlumat verib.
O, 32 nəfərin cəsədinin tapıldığını bildirib.
Qeyd edək ki, hadisə avqustun 13-də baş verib. Torpaq sürüşməsi nəticəsində mədəndə işləyən 30-dan çox işçinin yaxınlıqdakı gölə sürükləndiyi bildirilib. 8 yaralının xəstəxanaya aparıldığı qeyd olunub.
Xatırladaq ki, 2020-ci ildə Hpakantdakı mədəndə baş verən qəzada əksəriyyəti miqrant olan 160-dan çox işçi, 2021-ci ilin oktyabrındakı torpaq sürüşməsi nəticəsində isə 6 nəfər həlak olmuşdu.
Şəbnəm Mehdizadə
