Sabirabad rayonunda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Namil Cəbrayılzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Cavid Səfərlinin icraatına verilib. Məhkəmənin hazırlıq iclası avqustun 22-nə təyin olunub.
Qeyd edək ki, Sabirabad şəhər Heydər Əliyev proskpetində 2002-ci il təvəllüdlü Namil Cəbrayılzadənin idarə etdiyi “Lada Priora” markalı avtomobillə 1992-ci il təvəllüdlü Tamerlan Zamanovun sürdüyü “Vaz 2107” toqquşub. Nəticədə Tamerlan Zamanov aldığı xəsarətlərdən rayon xəstəxanasında ölüb. N.Cəbrayılzadə isə hər iki aşağı ətrafların çoxsaylı yerdəyişən sınığı diaqnozu ilə Sabirabad rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Onların heç birinin sürücülük hüququ olmaması da müəyyən edilib. Namil Cəbrayılzadəyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
