Məzmuna keç

Keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı

Şəmkirdə keçmiş həyat yoldaşını öldürməyə cəhd etməkdə təqsirləndirilən Zirəddin Zirəddinzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Elmin Rüstəmovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Daxili İşlər Nazirliyinin məlumatına görə, 1996-cı il təvəllüdlü Günay Musayevanın bədəninin müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilməsi ilə bağlı məlumat daxil olub. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, zərərçəkənin keçmiş həyat yoldaşı, 1990-cı il təvəllüdlü Zirəddin Zirəddinzadə saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə