Rusiyada “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinin olduğu təyyarə hava hücumundan müdafiə sistemi vasitəsi ilə açılan atəşlə vurulub.
E-huquq.az xəbər verir ki, bu barədə “Vaqner” şirkətinə yaxın olan “Gray Zone” teleqram kanalı məlumat yayıb.
“Mash” teleqram kanalı öz növbəsində qeyd edib ki, təyyarə qəzasının şahidləri hadisədən əvvəl iki güclü partlayış səsi eşidiblər.
“Təyyarə Tver vilayətində qəzaya düşməmişdən əvvəl şahidlər iki güclü parrtlayış səsi eşidiblər. Bundan sonra qanad və stabilizator hava gəmisindən qopub” – məlumatda vurğulanıb.
***
21.17
Rusiyanın Tver vilayətində qəzaya uğrayan təyyarədə sərnişinlər arasında “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin də var.
E-huquq.az xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi (Rosaviasiya) məlumat yayıb.
"Bu gecə Tver vilayətində "Embraer" təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmalara başlanılıb. Sərnişinlərin siyahısına əsasən, onların arasında Yevgeni Priqojinin adı və soyadı da var"-deyə, məlumatda vurğulanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, təyyarədə olan 10 nəfər ölüb.
***
Rusiyanın Tver vilayətində təyyarə qəzaya uğrayıb. Onun “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə məxsus olduğu iddia edilir.
E-huquq.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalında məlumat yayıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, qəza zamanı təyyarədə olan yeddi sərnişin və üç pilot həyatını itirib. Sərnişinlər arasında Yevgeni Priqojinin olduğu da deyilir.
Hadisə şahidlərinin sözlərinə görə, təyyarə vurulub, qəzadan əvvəl və sonra partlayış olub.
