Məzmuna keç

Göygöldə 3 nəfərin yaralandığı yol qəzası ilə bağlı məhkəmə başlayır

Göygöldə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Rəfail Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Göygöl Rayon Məhkəməsinə göndərilib.

İş hakim Əyyub Kərimovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb

Qeyd edək ki, hadisə Bakı-Qazax-Gürcüstan magistral yolunun Göygöl rayon ərazisindən keçən hissəsində baş verib. 2 minik avtomobilinin toqquşması nəticəsində 1981-ci il təvəllüdlü Nişanə Zeynalabdı qızı Bayramova, 1963-cü il təvəllüdlü Tamam Ağaverdi qızı Hüseynova və 2001-ci il təvəllüdlü Fərid Səmid oğlu Qasımov müxtəlif bədən xəsarətləri alıblar. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə