Beyləqanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Əyyub Salahlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əli Əliyevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələ ki açıqlanmayıb.
Qeyd edək ki, hadisə Qəhrəmanlı kəndində baş verib. Belə ki, 1994-cü il təvəllüdlü Əyyub Salahlının idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə avtomobildə olan 2001-ci il təvəllüdlü Rəşad Orucov və 1995-ci il təvəllüdlü Eltun Xudiyev ölüb. Sürücü Əyyub Salahlı isə xəsarət alıb. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
