Bakıda kafe sahibindən hədə-qorxu yolu ilə pul tələb edən Sakit Əlişov və Şahin Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası sentyabrın 19-a təyin olunub.
Qeyd edək ki, Cəlilabad rayon sakini Sakit Əlişov və Qəbələ rayon sakini Şahin Quliyev Nəsimi rayonu ərazisində yerləşən kafelərin birində oranın sahibinin başına dəmir parçası ilə xəsarət yetiriblər. Daha sonra onun azyaşlı oğlunu zirzədə stula bağlayıb bıçaqla hədələyərək 200.000 manat verilməsini tələb ediblər. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
