"Rusiya ordusu Ukraynanın Xerson vilayətinə idarə olunan bomba atıb, 3 dinc sakin həlak olub".
E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə nəticəsində daha 4 nəfər yaralanıb.
Qeyd olunur ki, Rusiya Federasiyasının daha bir hərbi cinayətinin nəticələrinin aradan qaldırılması və qeydə alınması istiqamətində əməliyyat-istintaq qrupları, kriminoloqlar, xilasedicilər və könüllülər işləyir.
Xerson Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin deyib ki, Rusiyanın hava hücumu zamanı həlak olan qadınların 48 və 40, kişi isə 46 yaşındadır. 54 və 62 yaşlı iki yaralı qadın xəstəxanaya yerləşdirilib, onların vəziyyəti orta ağırdır. 50 və 29 yaşlı daha iki yerli sakin ambulator müalicə alacaq. Prokudin həmçinin bildirib ki, işğalçılar Veseloye qəsəbəsini minaatanlardan atəşə tutublar. 67 yaşlı kişi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Şəbnəm Mehdizadə
