ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) analitiklərinin fikrincə, hava şəraiti Ukraynanın əks-hücum əməliyyatına təsir etsə də, bu onun son sona çatmasına səbəb olmayacaq.
E-huquq.az bu barədə UNİAN-a istinadən xəbər verir.
ISW xatırladıb ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Ukrayna qüvvələrinin 2023-cü ilin sonuna qədər əks-hücum əməliyyatlarını davam etdirəcəyini bildirib: "Soyuq və rütubətli hava aktiv döyüşlərə təsir edəcək, lakin onlara mane olmayacaq".
Eyni zamanda, ABŞ-nin Birləşmiş Qərargah rəisi general Mark Milley deyib ki, Ukrayna qüvvələrinin çox güman ki, 30-45 günlük "döyüş havası" qalıb: "Çünki payızın sonlarında mövsümi şiddətli yağışlar və güclü palçıq hər iki tərəf üçün hərəkəti ləngidir və soyuq temperatur bir çox logistik problemlər yaradır".
Bununla belə, ISW analitiklərinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin irəliləməsi qışda bərpa oluna bilər.
"Ukrayna ərazisində qışda şiddətli şaxtalar müşahidə olunur ki, bu da ərazini mexanikləşdirilmiş manevrli döyüş əməliyyatları üçün əlverişli edir və Ukrayna rəsmiləri 2022-2023-cü illərin qışında bu hava şəraitindən istifadə etməyə hazır olduqlarını bildiriblər", – analitiklər qeyd edirlər.
Analitiklər bildirirlər ki, Ukrayna Silahlı Qüvvələri cənubda və Baxmut yaxınlığında irəliləməyə davam edir
ISW-nin hesabatına görə, sentyabrın 10-da yayılan geolokasiya görüntüləri Ukrayna qoşunlarının Novoprokopivkadan şərqə (Orixovdan 18 km cənub-şərqə) irəlilədiyini göstərir.
"Ukrayna qoşunları Robotino bölgəsində (Orixovdan 12 km cənubda) hücumu davam etdirir və bu istiqamətdə 1,5 kvadrat kilometr ərazini azad edib. Ukrayna Baş Qərargahı və rəsmi Ukraynanın Şərq Qüvvələri Qrupunun nümayəndəsi İlya Yevlaş bildirib ki, Ukrayna qüvvələri Donetsk vilayətinin Kleşçeevka (Baxmutdan 7 km cənub-qərb) yaxınlığında qeyri-müəyyən uğura imza atıblar”, – məlumatda deyilir.
Şəbnəm Mehdizadə
