Bu gün Ali Məhkəmədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kazım Zərbiyev barəsindəki qərardan prokuror tərəfindən verilən kassasiya protestinə baxılıb.
Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, məhkəmə prokurorun protestini təmin etməyib və bəraət qərarı qüvvədə saxlanılıb.
Qeyd edək ki, Qasımov Vəli Müslüm oğlu 7 avqust 2021-ci il tarixdə, saat 22:30 radələrində "Mazda CX-5" markalı avtomobillə Bakı şəhəri, Yasamal rayonu Ş.Mehdiyev küçəsi ilə "Lider" TV istiqamətində hərəkətdə olarkən həmin küçədə dayanmış piyadalar 2008-ci il təvəllüdlü, Baxışov Nurlan Əlyar oğlunu və Baxışov Əlyar Nurlan oğlunu vurub. Nəticədə piyada Nurlan Baxışov zərbədən əks hərəkət zolağına düşməklə əks istiqamətdə olan Zəbiyev Kazım Qasım oğlunun idarə etdiyi “Toyota Prius” markalı avtomobilin qabaq hissəsinə çırpılaraq aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Yasamal RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 263.2 və 263.4-cü maddələri ilə cinayət işi başlanıb. Hər iki sürücü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə V.Qasımov isə 5 il 1 ay azadlıq məhrum edilib. Digər təqsirləndirilən şəxs K.Zərbiyevə isə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tam bəraət verilib. Qərardan narazı qalan ittiham tərəfi apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib.
Şəbnəm Mehdizadə
