İsmayıllı Rayonu Qubaxəlilli Bələdiyyəsinə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, bələdiyyə barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci (su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.
İş hakim İlqar Hüseynovun icraatına verilib. Məhkəmənin baxış iclası oktyabrın 6-da keçiriləcək.
Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin bu maddəsinə əsasən fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə
