Məzmuna keç

Qəbirlərdə dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlayan dəstə üzvləri hakim qarşısına çıxarılır

Salyanda dəfn olunmuş şəxslərin qızıl dişlərini oğurlamaqda təqsirləndirilən Abas Abasov Abas, Xəyal Mustafayev və Rəsul Elyasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilib.

İş hakim Ənnağı Məmmədlinin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, Abşeron rayon sakinləri – Abas Abasov, Xəyal Mustafayev və Rəsul Elyasov Arbatan kəndində yerləşən qəbiristanlığa gələrək sonuncunun vəfat edən bibisinin məzarını qazıb, onun iki qızıl dişini çıxararaq oradan uzaqlaşıblar. Gecə saatlarında isə adı çəkilən şəxslər rayonun Kürqaraqaşlı kəndi ərazisində yerləşən qəbiristanlığa gələrək bu dəfə başqa məzarı qazıblar və orada dəfn olunan şəxsin 4 qızıl dişini götürüblər. Hadisədən sonra rayonu tərk edən dəstə üzvləri qızıl dişləri sataraq əldə etdikləri pulları öz aralarında bölüblər. Onlara qarşı cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə