Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rafət Babayevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb. Belə ki, Babayev Rafət İmanxan oğlu etibarnamə əsasında idarə etdiyi “Daewoo BC090” markalı avtobusla yolun ortasında qoşa xəttin üzərində dayanmış piyada -1991-ci il təvəllüdlü Muradov Sərxan Rizvan oğlunu vurub. Sərxan Muradov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
