Məzmuna keç

“Müasir dövrdə bütün cəmiyyətlərdə əsas çağırışlardan biri vətəndaşların gözləntilərinə uyğun ədalət mühakiməsini həyata keçirməkdir” –

Müasir dövrdə bütün cəmiyyətlərdə əsas çağırışlardan biri ədalət mühakiməsinin, məhkəmə sisteminin çevikliyini artırmaq, vətəndaşların gözləntilərinə uyğun ədalət mühakiməsini həyata keçirməkdir.

E-huquq.az xəbər verir ki, bunu Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ədalət mühakiməsi və informasiya texnologiyaları: müasir çağırışlar” mövzusunda beynəlxalq konfransda jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov söyləyib.

Ali Məhkəmənin sədri deyib: “Əlbəttə ki, bu sahədə müasir informasiya-kommunikasiya texnologiyalarının, süni intellekt metodlarının və texnologiyalarının tətbiqi artıq günümüzün qaçılmaz reallığına çevrilmişdir. Çox sevindirici haldır ki, türk dövlətlərində, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərdə, o cümlədən Azərbaycanda da qabaqcıl hesab ediləcək təcrübələr var. Bununla yanaşı, biz digər ölkələrin də bu sahədə qabaqcıl təcrübələrini müşahidə etdik, fikirləri, təklifləri dinlədik”.

O əlavə edib ki, Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin bütün sahələrdəki səmərəli əməkdaşlığı, həmçinin məhkəmə sistemində də olacaq və məhkəmə sistemlərinin, ədalət mühakiməsinin keyfiyyətinin artırılması, təkmilləşdirilməsi sahəsində qarşılıqlı təcrübələrdən istifadə ediləcək.