Məzmuna keç

Bakı Apellyasiya Məhkəməsində tələbələrlə görüş keçirildi –

Oktyabrın 25-də Bakı Apellyasiya Məhkəməsində "Avropada mülki ədalət mühakiməsi günü" ilə əlaqədar "Açıq qapı" aksiyası keçirilib.

E-huquq.az xəbər verir ki, aksiya çərçivəsində məhkəmənin inzibati binasında müxtəlif ali təhsil müəssisələrinin tələbələri ilə görüş keçirilib.

Görüşdə məhkəmə praktikası çərçivəsində ədalət mühakiməsi üzrə müəyyən olunmuş prinsiplərin son dövrlərdəki işlərdə tətbiqi, Bakı Apellyasiya Məhkəməsinin struktur quruluşu, məhkəmənin fəaliyyəti, iclas zalları, vətəndaşların qəbulu otağı, onlara əyani olaraq nümayiş etdirilib, həmçinin müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ədalətli və açıq məhkəmə araşdırması, milli səviyyədə hüquqların müdafiəsinin təmin edilməsi, hüquqi müdafiəyə nail olmaq üçün məhkəməyə müraciət etmək hüququnun təmin olunmasının vacibliyi ilə bağlı mövzularda gənc hüquqşünaslarla fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, ədalət mühakiməsinə əlçatımlılıq təkcə hüquq deyil, eləcə də digər hüquqların gerçəkləşdirilməsi üçün şərait və imkanlar yaradan önəmli vasitədir. Bakı Apellyasiya Məhkəməsində də qanunun aliliyinin təmin edilməsi, ədalət mühakiməsinə əlçatımlılıq, bununla bağlı məlumatlılığın artırılması və biliklərin təkmilləşdirilməsi sahəsində müntəzəm olaraq tədbirlər görülür.