Kürdəmirdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Eldəniz Sevdimalıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib.
Hakim Xaliq İmanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Bakı-Qazax yolunun rayonun Karrar kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, Eldəniz Sevdimalıyev idarə etdiyi “KİA” markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən eyni yolda hərəkət edən Müşviq Quliyevin idarə etdiyi “KAMAZ” markalı yük avtomobilinə çırpılıb. Nəticədə “KİA” markalı avtomobildə olan sərnişin, sürücünün anası Bəsdi Sevdimalıyeva hadisə yerində ölüb. Digər sərnişinlər İlkin Məmmədov və Məhrubə Mahmudova isə ağır bədən xəsarətləri alıblar. E.Sevdimalıyevə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
