Oktyabrın 28-də Azərbaycan Hakimlər İttifaqı İctimai Birliyinin təşəbbüsü ilə Şirvan şəhərində, Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasına daxil olan məhkəmə hakimlərinin iştirakı ilə tədbir keçirilib.
E-huquq.az xəbər verir ki, Azərbaycan Hakimlər İttifaqı İctimai Birliyinin sədri Ramiz Rzayev tədbiri açaraq bildirib ki, Azərbaycan Respublikasında məhkəmə sisteminin inkişafı Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlı olub. Azərbaycan dövləti müstəqilliyini bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti ilə məhkəmə-hüquq sistemində mərhələli şəkildə islahatlar aparılmağa başlanılıb. Prezident İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanı isə ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanması, bu sahədə yeni yol xəritəsi kimi qəbul edilib. Vahid məhkəmə təcrübəsinin təmin edilməsi, qanunun eyni cür tətbiqi hüququn ümumiliyini, qanun qarşısında bərabərliyi və hüquqi müəyyənliyi təmin edir. Bu məqsədlə də hakimlərlə görüşlərin keçirilməsi, fikir mübadiləsinin aparılması vahid məhkəmə təcrübəsinin formalaşmasına köməklik edəcək.
Ramiz Rzayev 07 oktyabr 2023-cü il tarixdə Azərbaycan Hakimlər İttifaqının təsis edilməsi, qurumun nizamnaməsinin qəbul edilərək idarəetmə orqanlarının formalaşdırılması barədə geniş məlumat verdi. İttifaqın ilk tədbirinin Şirvan Apellyasiya Məhkəməsinin yurisdiksiyasında fəaliyyət göstərən hakimlərlə keçirildiyini qeyd edib.
Bundan sonra iclasın gündəliyinə uyğun olaraq Ali Məhkəmənin Cinayət Kollegiyasının hakimi Tahir Kazımov tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi” barədə, Kommersiya Kollegiyasının hakimi Bəhram Məmmədli tərəfindən “Müflisləşmə və iflas haqqında işlərə baxılmanın xüsusiyyətləri” barədə, Mülki Kollegiyasının hakimi Abiddin Hüseynov tərəfindən isə “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi” barədə geniş məruzələr təqdim edilib.
İclasda mövzularla bağlı hakimlər arasında geniş müzakirələr aparıldı və onları maraqlandıran suallar cavablandırılıb.






