Gəncədə işlədiyi kafenin sahibini öldürməkdə təqsirləndirilən Samir Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Abdulla Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Gəncənin Nizami Gəncəvi prospektində yerləşən kafedə baş verib. Kafeni işlədən Şəmkir rayon sakini Kamil Cəfərova aralarında yaranan mübahisə zamanı Zəngilan rayon sakini Samir Hüseynov tərəfindən bir neçə bıçaq zərbəsi endirilib. Nəticədə kafenin sahibi hadisə yerində ölüb. Tələbə olan S.Hüseynov kafedə müvəqqəti günəmuzd işləyirmiş. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
