Lerikdə ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Zəka Həmidovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Neymət Məmmədovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı məlum deyil.
Qeyd edək ki, hadisə Lənkəran-Lerik yolunun 37 kilometrliyində baş verib. Lənkəran rayonunun Kərgəlan kənd sakini, 1998-ci il təvəllüdlü Zəka Əfrahim oğlu Həmidovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Lənkəran rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Maşın yoldan çıxaraq iri gövdəli ağaca çırpılıb və ətrafdakı su kanalına aşıb. Qəza nəticəsində avtomobildə olan sərnişin, 2004-cü il təvəllüdlü Kərgəlan kənd sakini Rəvan Çingiz oğlu İbadzadə hadisə yerində ölüb. Digər sərnişin 1999-cu il təvəllüdlü Amin İntiqam oğlu İbadov xəsarət alıb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb. Z.Həmidov Vətən müharibəsi iştirakçısıdır.
Şəbnəm Mehdizadə
