Məzmuna keç

Bakı Nəqliyyat Agentliyinin həbsdə olan vəzifəli şəxslərinin məhkəməsi başlayır

Ləğv edilmiş "Bakı Nəqliyyat Agentliyi" publik hüquqi şəxsin rüşvət almaqda təsirləndirilən vəzifəli şəxsləri Vüqar Hüseynov və Hikmət Vəlizadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Rasim Sadıxovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası noyabrın 14-nə təyin olunub.

Qeyd edək ki, istintaqla Agentliyin Yol hərəkətinin təşkili şöbəsinin müdir müavini Vüqar Hüseynovun həmin vəzifədə işləyərkən qeyd olunan struktur qurumun məsləhətçisi Hikmət Vəlizadə ilə əlbir olaraq 2023-cü ilin iyun-iyul ayları ərzində Bakı şəhəri ərazisində parklanma sahələrinin təşkil olunması üçün müvafiq prosedurların həyata keçirilməsi müqabilində müxtəlif şəxslərdən ümumilikdə 16 min 500 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib. İlkin sübutlar əsasında Vüqar Hüseynov və Hikmət Vəlizadəyə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 və 311.3.3 (qabaqcadan əlbir olan qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Şəbnəm Mehdizadə