Bakı Apellyasiya Məhkəməsində Zəfər Günü ilə bağlı tədbir keçirilib.
E-huquq.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra, torpaqlarımızın erməni işğalından azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sədr Mübariz Əkbərov xalqımızı, eləcə də məhkəmənin kollektivini 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə təbrik edərək bildirib ki, bu dəfəki Zəfər Bayramının əvvəlki iki ildə keçirdiyimiz bayramlardan böyük fərqi var. Belə ki, cari ilin sentyabr ayının 19-20-də Azərbaycan silahlı qüvvələrinin keçirdiyi lokal xarakterli antiterror tədbirlər nəticəsində Qarabağda suverenliyimiz tam və qəti şəkildə təmin edilmiş, Azərbaycan bayrağı Xocalı, Xocavənd, Ağdərə və Xankəndi şəhərlərində dalğalanmaqdadır. Bütün bunlar ordumuzun vətənpərvərliyini, mübarizliyini və qəhrəmanlığını göstərən fərəh doğuran günlər və anlardır. Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazmışdır. Bu gün əminliklə demək olar ki, ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da inkişaf edərək müstəqil dövlət kimi yaşayacaq və torpaqlarımızın azad olunmasında əldə etdiyimiz şanlı qələbə, Zəfər Günü tariximizdə əbədi qalacaqdır. Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq.
Sədr həmçinin Bakı Apellyasiya Məhkəməsinin Vətən müharibəsi iştirakçısı olmuş işçiləri Fuad Qəşəmzadə, Gümrah Məmmədov və Elmar Vəliyevin, eləcə də atası Birinci Qarabağ Müharibəsində şəhid olmuş məhkəmənin əməkdaşı Nofəl Abdullayevin, habelə 2016-cı il aprel döyüşlərində şəhid olmuş, Milli Qəhrəman Murad Mirzəyevin qaynı Ceyhun Kərimovun adlarını qeyd edərək onları şanlı qələbə münasibətilə xüsusilə təbrik edib.
Vətən Müharibəsi iştirakçısı Gümrah Məmmədov çıxışında Zəfər Bayramı münasibəti ilə tədbir iştirakçılarını təbrik edərək 30 ildən artıq işğal altında olmuş torpaqlarımızın azad olunmasında və möhtəşəm qələbədə onun da payının olmasına görə özünü xoşbəxt hiss etdiyini, gələcək nəsillərə bu tarixi anlarımız barədə qürurla danışmağa haqqımızın olduğunu qeyd edib.
Tədbirdə çıxış edən məhkəmənin hakimləri bildirib ki, Azərbaycan Xalqı bu gün sözün əsl mənasında qürurludur. Azərbaycanı hər kəs qalib ölkə, müzəffər xalq kimi tanıdı. Bu böyük zəfər, eyni zamanda, milli mənsubiyyətindən asılı olmayaraq, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşməsi, iqtidar-xalq birliyi sayəsində əldə edilmişdir. Noyabrın 8-də Şuşa şəhərinin azad olunması isə hərb tariximizin qızıl səhifəsinə çevrilmişdir. Şəhidlərin qanı bahasına əldə olunan bu qələbə ilə Azərbaycan 30 il beynəlxalq birliyin həll edə bilmədiyi və yaxud həll etməyə can atmadığı münaqişəni tarixin arxivinə gömdü.
Tədbirdə çıxış etmiş digər iştirakçılar da məhkəmənin kollektivini “8 Noyabr – Zəfər Günü” münasibətilə təbrik etmişlər, Milli qürurumuzun təntənəsi hesab olunan bu günü öz Vətəninə bəxş etmiş oğullarımızın Azərbaycan Xalqının baş tacı olduqlarını bildiriblər.
Tədbirin sonunda 44 günlük Vətən müharibəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş, xalqımızın qəhrəmanlıq dastanını canı, qanı ilə yazmış şəhidlərimizi dərin ehtiramla anırıq və onların ruhu qəlbimizdə əbədi yaşayacaqdır.
