Məzmuna keç

Himalayda yürüşə çıxan 8 nəfər itkin düşüb

Hindistanın şimalında yerləşən Himalay dağları bölgəsində yürüşə çıxan 8 nəfər itkin düşüb.

E-huquq.az xəbər verir ki, “Press Trust of India” (PTI) agentliyinin məlumatına görə, alpinistlərdən ibarət qrup oktyabrın 27-də Uttarakhand ştatının ərazisində yerləşən Kedartal bölgəsində 3 günlük dağ yürüşünə başlayıb.

Oktyabrın 29-da bölgədə qar uçqunu baş verib. Hadisədən sonra Himalay bölgəsində olan 7 alpinist və bir bələdçidən xəbər almaq mümkün olmayıb.

Rəsmilərin məlumatına görə, oktyabrın 29-dan etibarən əlaqənin kəsildiyi qrupu tapmaq məqsədilə 10 nəfərlik axtarış-xilasetmə qrupu əraziyə göndərilib.

Güclü qar yağışı, məhdud görünüş məsafəsi və təkrarlanan qar uçqunları axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirir. Xilasetmə qrupları Uttarkashi rayonundakı Kedartal bölgəsi yaxınlığında qar altında qalmış çadır, geyim, başmaq və ərzaq məhsulları aşkarlayıblar. Lakin 2-3 kilometrlik ərazidə aparılan axtarışlara baxmayaraq, itkin düşən şəxslərin yeri müəyyən edilməyib.

Rəsmilər həmçinin yürüş qrupunu müşayiət edən 3 yük daşıyan və 1 aşpazın üç gün əvvəl xilas edildiyini bildiriblər.

Güclü qar yağışından sonra hündürlüyü 4 min metrdən çox olan dağ yürüşü marşrutlarının bağlandığı da açıqlanıb.

Şəbnəm Mehdizadə