Məzmuna keç

Bakı Apellyasiya Məhkəməsi Zəfər Günündə ağacəkmə aksiyası keçirdi –

"Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, vətənpərvər xalqın birliyi və qüdrətli ordumuzun qəhrəmanlığı sayəsində düşmən tapdağında olan torpaqlarımızın azad olunmasının 3-cü ili tamam olur. Qalibiyyət simvolunun rəmzinə çevrilən Zəfər Günü bu il daha təntənəli şəkildə qeyd edilir. Parlaq Qələbədən sonra Azərbaycan Respublikası bir dövlət olaraq sözün əsl mənasında yeni inkişaf və dirçəliş dövrünü yaşamağa başlayıb, postkonflikt mərhələsində strateji addımları ilə öz qələbəsini möhkəmləndirmiş, qətiyyətli mövqeyi ilə beynəlxalq arenada qalib xalq və dövlət imicini gücləndirib. Xüsusilə də, Qələbənin memarı olan Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara mütəmadi səfərləri, strateji əhəmiyyətli obyektlərin təməlini qoyması və açılışlarını etməsi, qısa müddət ərzində yol-nəqliyyat, enerji, sosial infrastrukturların yenidən qurulması müstəsna əhəmiyyətli tarixi-siyasi hadisələr kimi qeyd edilməlidir. Belə səfərlər, heç şübhəsiz, qalib dövlətin liderinin təntənəli və möhtəşəm Zəfər yürüşüdür. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı səfərbər və “dəmir yumruq” olaraq, Müzəffər Ali Baş Komandanla həmrəy olub".

E-huquq.az xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin məlumatında bildirilib.

Qeyd olunub ki, bu dəfəki Zəfər Günü əvvəlki iki ildə keçirdiyimiz bayramlardan fərqlənir: "Belə ki, cari ilin sentyabr ayının 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Qarabağda suverenliyimiz tam və qəti şəkildə təmin edilib, Azərbaycan bayrağı Xocalı, Ağdərə, Xocavənd və Xankəndi şəhərlərində dalğalanmaqdadır. Bu gün Xankəndi şəhərində keçirilən, Azərbaycan xalqının qürurla izlədiyi Qələbə paradını Ali Baş Komandan İlham Əliyev qəbul edir. Bütün bunlar Ordumuzun vətənpərvərliyini, mübarizliyini və qəhrəmanlığını göstərən fərəh doğuran günlər və anlardır. Azərbaycan Ordusu 30 ilə yaxın bir müddətdə davam edən erməni işğalına cəmi 44 gün ərzində son qoyaraq xalqımızın möhtəşəm qəhrəmanlıq salnaməsini yazıb. Bu gün əminliklə demək olar ki, ümummilli liderin qurub-yaratdığı müstəqil Azərbaycan dövləti Prezident İlham Əliyevin liderliyi ilə bundan sonra da inkişaf edərək müstəqil dövlət kimi yaşayacaq və torpaqlarımızın azad olunmasında əldə etdiyimiz şanlı qələbə, Zəfər Günü tariximizdə əbədi qalacaqdır. Zəfər Günü milli qürur və şərəf tariximizdir, gələcək nəsillər bu qürurverici tariximizi heç zaman unutmayacaq".

Bildirilib ki, 2023-cü il Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olması ilə də əlamətdardır. Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib: "Vətən müharibəsində qazanılan şanlı Qələbənin əsası da məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Dahi lider danışıqlarda heç vaxt güzəştə getməyərək, Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bütün dünyaya bəyan edib. Ulu öndərin qurub bizə miras qoyduğu dövlətçilik irsi və prinsipləri, onun yaşayan və yaşadan ideyaları hər birimizi cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı daha qüdrətli və daha çiçəklənən bir dövlətə çevirməyə ruhlandırır. Azərbaycan xalqı əminliklə deyə bilir ki, ulu öndər Heydər Əliyevin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir!" kəlamı artıq təkzibedilməz reallığa çevrilib. Azərbaycan dövlətinin ərazisi artıq bütövdür. Cənab Prezident İlham Əliyev tərəfindən Ata Vəsiyyəti yerinə yetirilib".

Qey olunub ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir, habelə Zəfər Günü qeyd edilib.

Belə tədbirlərin davamı olaraq Bakı Apellyasiya Məhkəməsi tərəfindən əvvəlcədən Zəfər Gününə planlaşdırılan Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.

Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin, aparat işçilərinin və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakları ilə keçirilmiş aksiya çərçivəsində iştirakçılar tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi yaxınlığında Bakı-Şamaxı şosesinin kənarında 100 ədəd ağac əkilib. Əkilən ağacların küləkdən qorunması məqsədilə dirəklər basdırılmış, onların inkişafı üçün münbit torpaq və mineral gübrələrdən istifadə olunub.

"Şanlı Qələbəmizi qeyd edərkən ulu öndər Heydər Əliyev yanımızda olmasa da, əminik ki, ümummilli liderimiz Heydər Əliyevin və bütün şəhidlərimizin ruhu şaddır. “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” – deyən, şərəfli həyatını Azərbaycanın xoşbəxt gələcəyinə həsr edən Ulu Öndərin ən böyük arzusu reallaşdırılmışdır. Xalqdan ordu yaradan lider hər zaman müzəffərdir.

Bu şanlı Zəfəri bizə bəxş edən qəhrəman əsgər və zabitlərimizin şücaəti sonsuzadək minnətdarlıqla xatırlanacaqdır. Ruhunuz şad olsun, ey ana Vətən uğrunda can qoyan müqəddəs Şəhidlərimiz!", – məhkəmənin məlumatında bildirilib.