Astarada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Hüsaməddin Nəzərovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
İş hakim Mübariz Məmmədovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə Astara şəhərində, Qum küçəsində qeydə alınıb. Belə ki, 1942-ci il təvəllüdlü Əlisəfa İbrahimov yol ayrıcında olduğu zaman halı pisləşib. O, yıxılmamaq üçün işıqforda dayanan avtomobilin arxa tərəfinə söykənib. Avtomobil hərəkət edən zaman o, yerə yıxılıb və xəsarət alıb. Zərərçəkmiş hadisədən üç gün sonra evində dünyasını dəyişib. Sürücü H.Nəzərova qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi üzrə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
