Dekabrın 23-də günün ikinci yarısından ölkə ərazisində dəyişən hava şəraiti ilə əlaqədar əhalini ehtiyatlı olmaq, yüngül konstruksiyalı müvəqqəti tikililərdən uzaq durmaq, reklam lövhələri və hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
E-huquq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, güclü küləklə müşayiət olunan yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.
G.Məmmədova xatırladıb ki, şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin ölkə ərazisinə daxil olması nəticəsində dekabrın 23-də günün ikinci yarısından hava şəraiti dəyişib, bəzi yerlərdə güclü qərb küləyi əsib.
"Küləyin maksimal sürəti Tərtər, Naftalanda 32 m/s, Bərdə, Gəncə, Daşkəsəndə 30 m/s, Ağdam, Yardımlı, Tovuzda 28 m/s, Mingəçevirdə 26 m/s, əksər rayonlarda isə 25 m/s-dək güclənib. Bakıda və Abşeron yarımadasında isə 24 m/s-yə çatıb. Güclü külək nəticəsində bəzi rayonlarda, o cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb, dağlıq rayonlara yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Gədəbəydə 8 sm, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub", – Proqnozlar bürosunun direktoru əlavə edib.
