Məzmuna keç

Yeznəsini qətlə yetirməkdə ittiham olunan şəxsə hökm oxundu

Biləsuvarda yeznəsini qətlə yetirməkdə ittiham olunan Cavid Həmidov 18 il müddətinə azadlıqdan məhrum edilib.

E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Əhmədovun sədrliyi ilə keçirilən prosesdə oxunub.

Hökmə əsasən, Cavid Həmidov Cinayət Məcəlləsinin 120.2.4, 228.1 və 229.1-ci maddələri ilə təqsirli bilinib. CM-nin 20.2.4-cü maddəsi ilə 16 il, CM-nin 228.1-ci maddəsi ilə 2 il, CM-nin 229.1-ci maddəsi ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə təqsirləndirilən şəxs qəti cəza olaraq 18 il müddətə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin may ayında baş verib. Belə ki, Çinarlı kənd sakini, 1975-ci il təvəllüdlü Həmidov Cavid İdris oğlu münaqişə zəmnində tüfənglə həmkəndlisi və yeznəsi, 1972-ci il təvəllüdlü Abdullayev Əsgər Musa oğluna baş nahiyyəsinə yaxın məsafədən atəş açıb. Həmçinin mətbəx bıçağı ilə sonuncunun hər iki qulaq seyvanını kəsməklə və odlu silahdan təkrar atəş açaraq döş qəfəsinin və qarının ön divarının boşluqlara keçməyən, sol said nahiyəsinin kor odlu silah (qırma yaralanmaları) kimi xəsarətlər yetirib hadisə yerindən uzaqlaşıb. Hadisə yerinə gələn şəxslərin köməkliyi ilə ilkin tibbi yardım göstərilmək üçün avtomobillə xəstəxanaya aparılarkən Əsgər Abdullayev yolda ölüb.

Şəbnəm Mehdizadə