Məzmuna keç

Vəkil: “Bu yolla hakimə və vəkilə təzyiq göstərmək istəyirlər”

"Kütləvi informasiya vasitələrində mənim guya əvvəllər Xətai Rayon Məhkəməsində işlədiyim, buna görə də həmin məhkəmənin icraatında olan iş üzrə vəkil kimi iştirak etdiyim prosesdə hakimin mənim qanunsuz hərəkətlərimə göz yumduğu iddia olunub. Bildirmək istəyirəm ki, mən heç vaxt sözügedən məhkəmədə çalışmamışam. Yazıda adı çəkilən hakim Rəfail Sadıxovla şəxsi tanışlığım olmayıb. Bu fikirlər tamamilə əsassızdır".

Bunu e-huquq.az-a müraciət edən "Mirzəyev və partnyorları" Vəkil Bürosunun vəkili Dədəkişi Vəlizadə deyib.

"Səlahiyyətim olmadan işə buraxılmağımla bağlı məsələyə gəlincə isə, qarşı tərəfin vəkili iclasda etirazını bildirdi və etiraz qəbul edilmədi, məhkəmə buna hüquqi qiymət verdi. Mən qanunvericilikdə nəzərdə tutulmuş qaydada Cəlal Qurbanovun səlahiyyətli vəkiliyəm. Haqqımda irəli sürülmüş həqiqətə uyğun olmayan iddialarla bağlı qanuna uyğun qaydada lazımi cavabı verəcəyəm", – deyə vəkil qeyd edib.

O, eyni şikayət üzrə işin daha əvvəl icraata götürülməməsi ilə bağlı məsələyə də aydınlıq gətirib: "Hüquqlarını müdafiə etdiyim vətəndaş Cəlal Qurbanov informasiya agentliyində barəsində yayımlanan materialla bağlı məhkəməyə müraciət edib, lakin şikayət texniki səbəblərdən icraata qəbul edilməyib. Həmin texniki səbəblər aradan qaldırılaraq təkrarən məhkəməyə müraciət edilib. Bu, tam qanuni bir prosesdir. İddia olunduğu kimi, məhkəmənin hər hansı qərəzli münasibətindən və ya qanunsuzluqdan söhbət gedə bilməz. Hesab edirəm ki, media orqanı öz imkanlarından istifadə etməklə məhkəməyə, hakimə və vəkilə təzyiq göstərmək istəyir. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Mən vəkil kimi öz peşə borcumu yerinə yetirirəm. Səsləndirilən fikirləri peşə fəaliyyətimə müdaxilə və təzyiq kimi qiymətləndirirəm".

Qeyd edək ki, C.Qurbanovun media nümayəndəsinə qarşı şikayəti əsasında məhkəmə tərəfindən qanunsuz və əsassız məhkəmə baxışının təyin edilməsi barədə məlumatlar yayılıb. Həmçinin şikayətçinin vəkili olan Dədəkişi Vəlizadənin səlahiyyəti olmadan işə buraxıldığı, onun daha əvvəl Bakı Şəhəri Xətai Rayon Məhkəməsində çalışdığı və hakim həmin vəkillə olan əvvəlki iş münasibətlərinə görə onun qanunsuz hərəkətlərinə göz yumduğu iddia olunub.

Şəbnəm Mehdizadə