Ağsuda şirkətdən oğurluq etməkdə təqsirləndirilən Fərid Mütəllimzadə və Hüseyn Mirzəyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Ağsu Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar Əsəgrovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Fərid Mütəllimzadə və Hüseyn Mirzəyev rayon ərazisində fəaliyyət göstərən şirkətlərin birindən kondisioner oğurlamaqda təqsirləndirilir. Araşdırma zamanı məlum olub ki, Fərid Mütəllimzadə işlədiyi yerdən oğurluq etməyi əvvəlcədən planlaşdırıb və kondisionerləri daşımağa ona köməklik etməsi üçün H.Mirzəyevi də cinayətə ortaq edib. Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
