Bakıda kafedə bayram günü 2 nəfəri qətlə yetirməkdə təqsirləndirilən Arif Bəhərçiyevin cinayət işinin bəzi detalları məlum olub.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Arif Bəhərçiyev silah qismində istifadə edilən əşyadan istifadə etməklə, zərərçəkmiş şəxslərə qarşı zor tətbiq edərək, iki şəxsi qəsdən həyatdan məhrum edib.
Belə ki, o, 31 dekabr 2023-cü il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yerləşən, anası Gülnurə Bəhərçiyevanın icarəyə götürdüyü və birlikdə işlətdikləri adsız kafedə olduqları zaman, qarşıdan gələn yeni il münasibəti ilə əlaqədar kafedə olan şəxslərlə spirtli içki qəbul edib.
O, anası Gülnurənin ailəvi dostlarından olan Namiq Orucovla uzun müddətdir aralarında sevgi münasibətləri olmasından şübhələnib.
Həmin gün atası İlfan Bəhərçiyev müştərilərə yemək hazırlaması məqsədilə Gülnurə Bəhərçiyevanı kafenin daxilinə çağırdıqda anası bu çağırışa məhəl qoymayıb.
Anası isə kabab bişirməyə davam etməklə Namiq Orucovun yanında qalmasını bəhanə edib.
Təqsirləndirilən şəxs Gülnurǝ Bəhərçiyevanı saçından dartıb itələmiş, onların səs-küyünü eşidib hadisədən xəbərdar olan atasının təkidi ilə kafenin digər zalına keçib.
Daha sonra isə atası ilə birgə kafenin içərisində yerləşən mətbəxə keçmiş və anasının atasına məhəl qoymamasının qəbuledilməz olması barədə İlfan Bəhərçiyevlə söhbət edib.
Anası onu sakitləşdirmək istəsə də o yenidən anasının saçından tutub dartmaqla fiziki ağrı yetirib.
Bu məqamda Namiq Orucov ictimai qaydanın qarşısını almaq üçün onun bu davranışlarına son qoymağı tələb edib.
Arif Bəhərçiyev isə Namiq Orucovun bu hərəkətindən daha da hiddətlənib. Arif mətbəxdən bıçaq götürərək, onun ünvanına nalayiq söyüşlər söyüb və sonuncunun qarın nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq öldürüb.
İttiham aktında o da qeyd olunub ki təqsirləndirilən şəxs bununla kifayətlənməyərək onları ayırmağa çalışan Ramil Səfərovu eyni bıçaqla döş qəfəsi nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq öldürüb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.3 (zərəçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
