Məzmuna keç

“Bu dəyişiklik məhkəmə qətnamələrinin icrasını tezləşdirəcək”

"Yeni dəyişikliklər kifayət qədər konseptual məqamları əhatələyir və ilk növbədə rəqəmsal inkişafın hüquq münasibətlərinə təsirində ehtiva olunur".

E-huquq.az xəbər verir ki, bunu deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini şərh edərkən deyib.

O bildirib ki, Prezident İlham Əliyevin Sərəncamlarına müvafiq olaraq Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planlarına əsasən, ölkəmizdə idarəetmə mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə dövlət xidmətlərinin müasir informasiya-kommunikasiya texnologiyalarından və innovativ metodlardan istifadə etməklə elektronlaşdırılması istqamətində ciddi addımlar atılıb. Hətta Azərbaycan rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına da layiq görülüb. Cari layihə də ilk növbədə qeyd olunan istiqamətdə islahatların davamıdır və dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyasının sürətləndirilməsini nəzərdə tutur.

"Məlumdur ki, Mülki Prosessual Məcəllənin hazırkı tələbinə əsasən, uşağın övladlığa götürülməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış 3 gün müddətində, valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qətnamə isə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq hakim tərəfindən müvafiq orqanın, yəni Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülür. Hazırda müzakirəmizdə olan layihə isə qətnamədən çıxarışın artıq 3 günə yox, dərhal ötürülməsini təklif edir. Bu isə müvafiq qətnamələrinin icrasını tezləşdirəcək, eyni zamanda dövlət qurumları arasında informasiya mübadiləsinin operativliyini təmin edərək həm dövlət xidmətlərinin keyfiyyətini yüksəldəcək, həm də şəffaflığı artıracaq", – deyə deputat qeyd edib.

B.Məhərrəmovun sözlərinə görə, rəqəmsal transformasiyanın uğurla davam etdirilməsi bir sıra hüquq münasibətlərinə bütövlükdə yeni baxış tələb edir: "Çünki rəqəmsal idarəetmənin tətbiqi əvvəllər imperativ tələb kimi müəyyən edilmiş bir sıra normaları lüzumsuz edib və həmin normaların qanunvericilikdə qalması artıq bürokratik əngəldir. Məsələn, Səhiyyə və Ədliyyə Nazirliklərinin informasiya sistemlərinin müəyyən istiqamətləri artıq, demək olar ki, tam inteqrasiya olunub, belə olan halda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı məlumatlarının, habelə nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın kağız daşıyıcıda təqdim edilməsinə heç bir lüzum qalmayıb. Çünki nikahı qeydə alan orqan həmin müayinə nəticələrini özü sistemdə görür və indi cari layihənin həll etdiyi məsələlərdən biri rəqəmsal transformasiyanın yaratdığı imkanın qanunvericilikdə təsbit edilməsidir.

Ən nəhayət, məlumdur ki, "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun 25.2-ci maddəsinə əsasən normativ hüquqi aktın normalarında həddindən artıq ümumiləşdirilmiş ifadələrə yol verilməməlidir. Cari layihə də qanunvericilikdə “qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış” məzmunlu ümumiləşmiş məfhumu “məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış” ifadəsi ilə əvəz etməklə qanunvericilikdəki mövcud çatışmazlığı aradan qaldırır".

Şəbnəm Mehdizadə