Tanınmış modelyer Elnarə Bəkirovanın atasının qətlində təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesində şahidlər dindirilib.
E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Qədir Sadıqov ifadə verib.
Onun sözlərinə görə, o, təqsirləndirilən şəxs Mustafa Zeynalovun bacısının ailə sürücüsü olub: "Mustafa Zeynalov mənə zəng edib yanına çağırdı. Mənə bir paket verdi. Onun içində isə 2 ayrı bükümdə pul var idi. Dedi ki, bunu bacım qızı Aynur Xəlilovaya çatdır. Mən də pulu gətirib ona verdim. Aynur Xəlilova mənə dedi ki, 19 min 500 manatı götür kreditimi ödə. O, 25 min 900 manatı isə özündə saxladı. Daha sonra məni Kamran Bəkirovun ölüm işi ilə bağlı Sabunçu rayon Polis İdarəsinə dəvət etdilər. Özümdə olan pulu da, Aynur xanımda olan pulu da götürüb ümumilikdə 45 min manatı polisə təhvil verdim".
Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.
İttihama görə, ötən ilin aprelin 6-da Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov və 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb. İstintaqla M.Zeynalov və qohumu N.Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
M.Zeynalov və N.Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.
Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.
Orxan Rasifoğlu
