Bakıda "Nicat Lənkəranski" ləqəbi ilə tanınan Nicat Əkbərovu öldürməyə cəhddə təqsirləndirilən Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova hökm oxunub.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimu Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən Şahmar İsmayılov 13 il 6 ay, Vüqar Quliyev 12 il 6 ay və Ramal Məmmədov isə 12 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki ötən prosesdə prokuror Cövdət Mehrəliyev məhkəmədən təqsirləndirilən şəxslər – Şahmar İsmayılovun 14 il, Vüqar Quliyev və Ramal Məmmədovun isə 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, hadisə ötən ilin martında paytaxtın Nəsimi rayonu, Səməd Vurğun küçəsində baş verib.
İstintaqla müəyyən edilib ki, Şahmar İsmayılov, Vüqar Quliyev, Ramal Məmmədov bir qrup şəxs halında sifarişlə Nicat Əkbərovu öldürmək məqsədilə qeyd olunan ünvanda qanunsuz əldə olunmuş odlu silahdan atəş açıblar.
Nicat Lənkəranskinin atəşdən yayınması nəticəsində təsadüfən hadisə yerində olan Tamerlan Hüseynov və Fəqan Rəhimli müxtəlif xəsarətlər alıblar.
Şahmar İsmayılov, Vüqar Quliyev və Ramal Məmmədova qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29, 120.2.5 (bir qrup şəxs tərəfindən sifarişlə qəsdən adam öldürməyə cəhd), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama) və digər maddələrilə ittiham irəli sürülüb.
Cinayət işi üzrə üç nəfər – Tamerlan Hüseynov, Fəqan Rəhimli və Nicat Əkbərov zərərçəkmiş qismində tanınıb. Zərərçəkmiş, Nicat Əkbərov kriminal aləmdə "Nicat Lənkəranski" adı tanınır. Onun kriminal avtoritet mərhum Rövşən Lənkəransiyə bağlı olduğu bildirilir.
Orxan Rasifoğlu
