Məzmuna keç

Vətən müharibəsi iştirakçısı 6 il azadlıqdan məhrum edildi

Bakıda dostunu bıçaqlamaqda təqsirləndirilən Firudin İsrafilovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Prokuror Orxan Mehdiyev ittiham nitqi çıxış edərək məhkəmədən təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən, F.İsrafilov 6 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında paytaxtın Xətai rayonu, General Mehmandarov küçəsində yerləşən mağazada baş verib. Belə ki, Şamaxı rayon sakini, 25 yaşlı İsrafilov Firudin Malik oğlu mübahisə zamanı 22 yaşlı Bərdə rayon sakini Hacıyev Cümşüd Duman oğlunu bıçaqlayıb. Qarnından bıçaq xəsarəti alan yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı cinayət işi açılıb. F. İsrafilov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, təqsirləndirilən şəxs Firudin İsrafilov 44 günlük Vətən müharibəsi iştirakçısı olub.

Orxan Rasifoğlu