Türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, professor Arif Acaloğlunu maşınla vurub öldürməkdə təqsirləndirilən Azər Maqsudovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.
Hakim Anar Rzayevin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə ötən ilin noyabrın 15-də paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb. Bakı şəhər sakini Azər Maqsudov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən 1956-cı il təvəllüdlü Arif Acaloğlunu vurub. Xəstəxanaya yerləşdirilən A.Acaloğlu orada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Azər Maqsudov Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiridir.
Şəbnəm Mehdizadə
