Ağdamda 24 yaşlı qızının qətlində təqsirləndirilən atası Şikar Nəcəfov və ögey anası Ramilə Nəcəfovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş hakim Dadaş İmanovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, 1996-cı il təvəllüdlü Nərgiz Nəcəfovanın 2020-ci ilin aprel ayının 29-da itkin düşməsi faktı üzrə Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdə yatdığı zaman qisas məqsədilə 1965-ci il təvəllüdlü atası Şikar Nəcəfov və ögey anası 1983-cü il təvəllüdlü Ramilə Nəcəfova tərəfindən boğularaq və bədəninin müxtəlif nahiyələrinə dəmir parçası ilə vurularaq qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə
