Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
E-huquq.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Aysel Məmmədova məhkəmənin suallarını cavablandırıb.
Hakim Azad Məcidov əvvəlcə məhkəməyə təqsirləndirilən Aynur Bayramovanın bacısı Dilbər Bayramova tərəfindən ərizə ilə müraciət edildiyini deyib. Daha sonra ərizəni elan edib. Ərizədə o bildirib ki, bacısının həbsi əsassızdır.
Daha sonra iş üzrə zərərçəkmiş şəxs Şövkət İsayeva məhkəməyə vəsatətlə müraciəti elan edilib. Zərərçəkmiş şəxs vəsatətdə bildirib ki, Şəbnəm Qurbanovanın şahidliyi ilə 90 min dolları təqsirləndirilən Aysel Məmmədova və Nuridə Seyidovaya verdiyini deyib. Təqsirləndirilən şəxslərdən ödədiyi pulu geri istəyib.
Hakim Azad Məcidov isə Ş. İsayevanın bu iş üzrə zərərçəkmiş şəxs kimi tanınmadığını bildirib.
Daha sonra təqsirləndirilən şəxs Aysel Məmmədova sualları cavablandırıb. Zərərçəkmiş şəxs Nərgiz Mahmudova təqsirləndirilən A. Məmmədovaya sual verib: "Dələduzluq edildiyini bilə-bilə məni niyə aldadıb 9 min manat aldınız?"
Təqsirləndirilən A. Məmmədova isə bildirib ki, N. Mahmudova pulu ona verməyib.
Zərərçəkmiş şəxsin pulu Nuridə Seyidovanın köməkçisinə verərkən gördüyünü bildirib.
Daha sonra təqsirləndirilən A.Məmmədova vəkilinin suallarını cavablandırıb. Suallara cavab zamanı A.Məmmədova 2002-ci ilin avqust ayında işə girib: "Mən işə başlamadan öncə avqust – noyabr ayları ərzində 4 nəfər Türkiyədə əməliyyat olunub. 6 nəfər isə Bakıda əməliyyat olunub. Bakıda əməliyyat olunan şəxslərdən 2-sinə qaraciyər köçürülüb. 1 nəfər beyin əməliyyatı olub. 3 nəfərə isə böyrək köçürülüb. Bundan başqa əməliyyata çatmayan xəstənin pulunu da Nuridə Seyidova ödəmişdi".
Növbəti məhkəmə prosesi 12 iyuna təyin edilib
Qeyd edək ki, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra faktla bağlı cinayət işi başlanılıb. İttihama görə, Nuridə Seyidova, Aynur Bayramova və Aysel Məmmədova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xanım müttəhimlərə qarşı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu
