Məzmuna keç

Məhkəmə ana və qızına bəraət verdi –

Binəqədi Rayon Məhkəməsində Nazimə Behbudova və onun qızı Lalə Behbudovanın xüsusi ittiham qaydasında təqsirəndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bu barədə e-huquq.az-a təqsirləndirilən şəxs Lalə Behbudovanın vəkili Mədail Fərzəliyev məlumat verib.

Onun sözlərinə görə, hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, hər iki təqsirləndirilən şəxsə bəraət verilib.

"Lalə Behbudova və onun anası, vəkil həmkarım Vahid Məmmədovun hüquqlarını müdafiə etdiyi Nazimə Behbudova Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham olunurdular. Belə ki, xaricdə yaşayan Azərbaycan vətəndaşı məhkəməyə müraciət edərək ana və qızının sosial şəbəkə səhifəsində onun ünvanına təhqiramiz ifadələr yazdığını iddia edib. Uzun çəkən məhkəmə prosesindən sonra təqsirləndirilən şəxslərin təqsiri sübuta yetirilmədiyindən onlara bəraət verildi", – deyə vəkil qeyd edib.

Şəbnəm Mehdizadə