Məzmuna keç

Sümbülə Əliyeva məhkəmədə sərbəst ifadə verdi

Vəkillər Kollegiyasının 1 saylı Hüquq Məsləhətxanasının sabiq müdiri Sümbülə Əliyevanın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə Sümbülə Əliyeva özünü təqsirli bilməyib.

O bildirib ki, işi saxtalaşdırılıb. Vəkil qeyd edib ki, maliyyə sənədlərində onun imzası olmayıb. Onun sözlərinə görə, əməkhaqlarının yazılması ilə onun heç bir əlaqəsi olmayıb, bu işlərlə mühasibatlıq məşğul olub.

Növbəti proses iyunun 13-də davam edəcək.

İttihama görə, Sümbülə Əliyeva hüquq məsləhətxanasında vəkillərin gəlirlərindən sosial sığortaları və pensiya fonduna ödəməli olan məbləği dövlət büdcəsinə köçürməyib və mənimsəyib. Cinayət işi üzrə zərərin 100 min manatdan çox olduğu bildirilir. İstintaq orqanı tərəfindən Sümbülə Əliyevanın barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə zərərçəkən şəxs qismində Dövlət Sosial Müdafiə Fondu, İqtisadiyyat Nazirliyi yanında Vergi Xidməti, Vəkillər Kollegiyasının Rəyasət Heyəti tanınıb.

Qeyd edək ki, 70 yaşlı Sümbülə Əliyevanın vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.

Orxan Rasifoğlu