Balaxanıdakı qətllə bağlı cinayət işi açıldı –
Sabunçu rayon prokurorluğunda Balaxanı qəsəbəsində baş vermiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə e-huquq.az-a Sabunçu rayon prokurorluğundan bildirilib.
“İyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.
Bildirilib ki, faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
“Rəhim Əsədov iş üzrə şübhəli şəxs qismində tutulub”, – rayon prokurorluğu əlavə edib.
***
00.49
Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşıdını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
“Cinayət əməlini törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Əsədov Rəhim İsmayıl oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə müəyyən olunaraq saxlanılıb”, – məlumatda diqqətə çatdırılıb.
Hadisənin, ilkin məlumata görə, şəxsi münasibətlər zəminində baş verdiyi vurğulanıb.
Faktla bağlı araşdırma aparılır.

