Vətən müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə dövlətçilik tarixində yeni mərhələ başlamışdır. Prezident İlham Əliyevin sistemli və çoxşaxəli inzibati-siyasi islahatları nəticəsində Azərbaycan siyasi sistemində yeni konfiqurasiya formalaşmışdır. Yeni siyasi konfiqurasiya çərçivəsində mütləq olaraq qeyd olunmalıdır ki, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilmiş, siyasi partiyalarla iş yenidən təşkil edilmiş, sağlam iqtidar-müxalifət dialoqu formalaşmışdır. Əslində bu islahatlar Ümummilli lider Heydər Əliyevin zamanında siyasi sahədə həyata keçirdiyi siyasətin davamıdır.
Ali rəhbərliyin siyasi iradəsi və görülən işlər nəticəsində son dövrlərdə ölkənin siyasi həyatı əsaslı şəkildə zənginləşmişdir. Ölkədə siyasi proseslərin inkişaf edən yüksək dinamikası mövcuddur. Artıq bu sahədə islahatlar davamlı xarakter daşımaqdadır, iqtidar-müxalifət arasındakı siyasi dialoq durmadan təşviq edilir, ölkədə siyasi plüralizm müşahidə olunur.
İnternetin əlçatanlığı, sosial şəbəkə istifadəçilərinin artması və siyasiləşməsi, yerli televiziya kanallarında siyasi verilişlərin kəmiyyət və keyfiyyət göstəricilərində inkişaf etməsi müasir siyasi sistemin əsas əlamətlərindəndir. Siyasətçilər, siyasi partiya liderləri müxtəlif mətbuat orqanlarında və televiziya kanallarında çıxış etmək üçün dəvət olunurlar.
İslahatlar çərçivəsində ölkədə çoxpartiyalı sistemin möhkəmlənməsi istiqamətində mühüm addımlar atılmış və bütün siyasi partiyaların fəaliyyəti üçün əlverişli siyasi mühit formalaşmışdır. Bu gün Azərbaycanda çox yüksək siyasi mədəniyyət formalaşmışdır.
“Siyasi mədəniyyət” məfhumu bilavasitə “seçki mədəniyyəti” anlayışı ilə əlaqəlidir. Yeni dövrdə ölkəmizdə yüksək səviyyədə və çox əhəmiyyətli olan prezident seçkiləri keçirildi. Ardınca isə hazırda xüsusi əhəmiyyəti ilə seçilən parlament seçkiləri keçirilməkdədir. Bu seçkilər müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam təmin olunmuş bütöv Azərbaycanda baş tutur. Demək olar ki, bütün dünyada seçkilər vətəndaşların cəmiyyətin ictimai həyatında və dövlət işlərində iştirakının kütləvi formasıdır.
Siyasi münasibətlərin, hüquq şüurunun və mədəniyyətinin formalaşmasında, xalqın iradəsinin milli maraqlar ətrafında birləşməsində seçkilərin əhəmiyyəti olduqca böyükdür. Azərbaycanda keçirilən seçkilər tam demokratik prinsiplərə uyğun olaraq ümumi, bərabər və bir başa seçki hüququ əsasında sərbəst və şəffaf formada həyata keçirilir. Bunun üçün ölkədə bütün şərtlər mövcuddur – siyasi partiyalar üçün bərabərhüquqlu mübarizə şəraiti yaradılır, namizədlərin seçicilərlə təmasları, öz siyasi platformalarını təqdim etmələri üçün imkanlar formalaşdırılır.
Ölkəmizdəki siyasi mühit isə əlverişlidir – azad rəqabətin inkişafı üçün qəbul edilmiş yeni qanunvericilik mövcuddur, müasir seçki təbliğat vasitələrindən (sosial şəbəkələr, mətbuat, internet resurslar və s.) və seçki prosesinin şəffaflığını sübut edən ən müasir texnologiyalar (veb-kameralı məntəqələr, barmaq boyası mexanizmi. Exit-poll və.s ) fəal şəkildə istifadə olunur. Parlament seçkilərində əksər siyasi partiyalar iştirak edirlər. Seçkidə iştirak edən partiyalar və onların namizədləri yaradılan bu şəraitdən maksimum yararlanırlar.
Lakin yuxarıda qeyd edilənlərə bamayaraq Azərbaycanda seçkiləri boykot etmək taktikası seçən “qüvvələr” hələdə mövcuddur. Azərbaycan Xalq Cəbhəsi Partiyası sentyabr ayının 1-nə təyin edilmiş parlament seçkilərini də keçirilmiş digər seçkilər kimi boykot etmək qərarına gəlib. Əslində seçkiləri boykot taktikasının nə hüquqi, nə də ki siyasi dəyəri var.
Belə ki, milli və beynəlxalq qanunvericiliyə görə nisbi mojaritar seçki sistemləri mövcud olan ölkələrdə seçkiləri boykot etmənin heç bir hüquqi təsiri yoxdur. Konstitusiyamızın 83-cü maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkiləri majoritar seçki sistemi (nisbi mojaritar) əsasında həyata keçirilir. Bu o deməkdir ki, seçkilərin baş tutması üçün minimum iştirak həddi nəzərdə tutulmur.
Hər hansı bir dairədə deputatın seçilməsi üçün bir neçə şəxsin səsverməsi belə kifayət edir. Yəni seçkiləri boykot hüquqi cəhətdən əhəmiyyətsizdir. Əksinə boykota çağırış təməl insan hüquq və azadlıqlarının və Konstitusiyada təsbit olunmuş vətəndaşların “Cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ”nun (maddə 54), “Dövlətin idarə olunmasında iştirak etmək hüququ”nun (maddə 55) və “Seçki hüququ”nun (maddə 56) məhdudlaşdırılmasına cəhd kimi tövsif oluna bilər.
Zavallı radikallar siyasi alət kimi də həyata keçirdikləri bu metod çox effektsiz metoddur. Azərbaycan siyasi sisteminə və siyasi reallıqlara görə təsiri və mənası olmayan bir addımdır. Boykotun heç bir siyasi qarşılığı yoxdur.
Seçkiləri boykot etmənin təsiri haqqında siyasi ədəbiyyata nəzər saldıqda onun effektsiz vasitə olduğuna işarə edildiyini görə bilərik. Məsələn, Yan Smitin mövqeyinə görə, boykot ədalətli seçki və ya demokratikləşməyə gətirib çıxarmır. Staffan Lindberq hesab edir ki, ölkədə demokratikləşmənin reallaşması üçün müxalifətin seçkini boykot etməsi və nəticələrini qəbul etməkdən imtina etməkdənsə seçkidə iştirakı vacibdir. Mətyu Frankelin tərəfindən 1990-2009-cu illərdə baş vermiş 171 boykot və boykot təhdidinin araşdırması göstərir ki, bunlardan 96%-i effektsiz olub, heç bir nəticəyə səbəb olmayıb.
Azərbaycanda müstəqillikdən üzü bəri AXCP tərəfindən dəfələrlə seçkilər boykot edilib. Əslində özləri də bu taktikasının nə qədər mənasız və uğursuz olduğunu, heç bir nəticəsinin olmayacağını anlayır.
Bəs nə üçün bu partiya hər dəfə bu yolu seçir? Onları bu addımlarının növbəti əsas səbəbləri ola bilər: Başqa çarələri yoxdur, bilirlər ki, illərdir marginallaşıblar, siyasi səhnədə çəkilərini və nüfuzlarını itiriblər, Azərbaycan xalqı onlara etimad göstərmir. Seçkilərdə iştirak etsələr heç bir nəticəyə sahib olmayacaqlarını dəqiq bilirlər; Boykot taktikasını seçməklə seçkilərin legitimliyinə kölgə salmaq istəyirlər. Bununla da qərbdəki bəzi Azərbaycana düşmən mövqedə olan dairələr vasitəsilə dövlətə təzyiq etdirmək istəyirlər.
Əslində bu yol ölkəmizə, xalqımıza qarşı müxalifətdə durma yoludur. Azərbaycan dövlətinə düşmən mövqeyində olan dairələrə xidmət edən bəzi blogerlər və jurnalistlərlə birlikdə anti-Azərbaycan yoludur. Bunu son dövrlərdə baş verən hadisələrə münasibətdə onların mövqelərinə nəzər saldıqda daha aydın görə bilərik.
Prezident İlham Əliyev ölkədə siyasi dialoq mühitini təşviq edir. Bu siyasətin davamı olaraq ölkədəki siyasi partiyalar Ermənistanın işğalçı siyasətinə və törətdiyi təxribatlara etiraz olaraq bəyanat verərək milli birlik və həmrəylik göstərir. Radikallar isə həmrəylik proseslərində iştirak etmirlər.
Vətən müharibəsi nəticəsində 30 il işğal altında olan torpaqlar azad edilir, Azərbaycan ərazi bütövlüyünü təmin edir. Radikal təfəkkür sahibləri isə qələbəni tənqid edirlər.
Ermənistan tərəfindən Laçın-Xankəndi yolundan hərbi məqsədlər, minaların və talan olunan təbii sərvətlərin daşınması üçün istifadə edilməsinin qarşısının alınması məqsədilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələr tərəfindən dinc etiraz aksiyası keçirilir. Destruktiv müxalifət isə bu aksiyanı tənqid edərək ona qarşı çıxırlar.
2023-cü ilin sentyabr ayının 19-da Azərbaycan Ordusu tərəfindən beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq bir günlük anti-terror əməliyyatı nəticəsində Azərbaycan ərazisindəki Ermənistan ordusunun qalıqları təslim edilərək Azərbaycan Respublikasının suverenliyi tam olaraq bərpa edildi. Azərbaycan 30 il davam edən münaqişədə mütləq Zəfər qazandı. Bununla əlaqədar olaraq ölkədəki bütün siyasi partiyalar siyasi həmrəyliyini bildirir, xalqımızın firavanlığı, dövlətimizin əbədi suverenliyi üçün Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətə dəstəyini bəyan edir. Radikallar isə dəstək bəyanatına qoşulmur.
2023-cü ilin sentyabr və noyabr aylarında Laçın yolundakı vəziyyət və antiterror tədbirləri ilə əlaqədar olaraq ABŞ Senatinda keçirilən “Qarabağ dinləmələri” zamanı Azərbaycan hökuməti ermənilərə qarşı soyqırım törətmə cəhdində təqsirləndirilr, Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvi və Qlobal Maqnitski aktı altında Azərbaycana qarşı sanksiyaların tətbiq olunmasına çağırışlar edilir. Xain mövqedən çıxış edən radikallar isə məruzəçi Ceyms O Braynı dəstəkləyərək onu qəhrəmana çevirirlər.
Fransa Senatı “Azərbaycanın dağlıq Qarabağa hərbi təcavüzünün pislənməsi və Ermənistan Respublikasına qarşı növbəti təcavüz cəhdlərinin və ərazi bütövlüyünün pozulmasının qarşısının alınması” barədə qətnamə qəbul edərək Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirlərini pisləyərək “humanitar faciə və əsl etnik təmizləmə” adlandırır. Sənəddə Ermənistana hərbi dəstək verməyə və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edilir. Fransa ardıcıl olaraq Ermənistanı dəstəkləyən və anti-Azərbaycan mövqeyindədir. AXCP-çilər isə bu barədə bir kəlmə belə olsa Fransaya qarşı münasibət bildirməyib, tənqid etməyib.
Aİ-nin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi, Cozep Borrel Azərbaycana qarşı qərəzli mövqe sərgiləyərək sentyabrın 21-də bəyanatla çıxış edərək Azərbaycan tərəfindən keçirilən antiterror tədbirləri zamanı erməni separatçılarına açıq dəstək göstərərək, “Azərbaycanın Qarabağın erməni əha¬lisinə qarşı hərbi əməliyyatını” pis¬lədiyini bildirib. Radikal düşərgə isə Cozep Borreli “böyük demokrat” kimi təqdim edirlər.
Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən 12 oktyabr 2023-cü il tarixində qəbul edilmiş Azərbaycanın Qarabağdakı lokal antiterror tədbirlərini pisləyən 2517(2023) saylı qətnamədə Qarabağın erməni əhalisinin guya məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı iddia edilir. Həbs olunmuş separatçıları azad etməyə çağırış edilir. Əks halda, Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyir. Ardınca bunun məntiqi davamı olaraq AŞPA qış sessiyasının açılış günündə (22 yanvar) Azərbaycan nümayəndə heyətinin etimadnamələri təsdiq etməkdən imtina edir. Bu barədə təşəbbüs isə erməni lobbisinin “satın aldığı” siyasətçi imicinə malik olan Almaniyalı deputat Frank Şvaben tərəfindən irəli sürülür. Düşmən mövqelərdən çıxış edən radikallar isə bunu sevinclə qarşılayırlar. Şvabeni dəstəkləyən yazılar yazırlar, çıxışlar edirlər.
Bunlardan əlavə olaraq marginallaşmış müxalifət sülh danışıqlarında Paşinyanın mövqeyini dəstəkləyirlər, Zəngəzur dəhlizi məsələsində isə Azərbaycanı haqsız sayırlar və s.
32 il əvvəl yüz minlərlə vətəndaşı alaçıqda, qatar altında, vaqonda yaşayan ölkən bu gün BMT-nin aparıcı üzv dövlətlərindən biri ola, COP29-a sahiblik edə, Qoşulmama Hərəkatını öz rəhbərliyi altında beynəlxalq proseslərə ən ciddi təsir göstərmək həddinə, hətta Birləşmiş Millətlər Təşkilatına alternativlik səviyyəsinə çatdıra, Bərpaolunan enerji prosesinin bütün Planet boyu flaqmanı olmaqla həm də Cənub Qaz dəhlizinin əsas aktoru olmağı bacara, Öz Ərazi Bütövlüyünü bərpa, Dövlət Suverenliyini təmin etməklə milli taleyimizin, bütün tariximizin ən böyük uğurunu qazana, hər cür təzyiqlərə, nüvə dövlətləri klubunun basqılarına davam gətirə, Fransa, kimi ölkələrlə qeyri-bərabər mübarizədə müqavimətin son həddini göstərə, misilsiz sürətlə bir Livan boyda ərazini, (özü də təkbaşına!!!) abadlıq və quruculuq meydanına çevirə və sən isə bütün bunları görməməzliyə vurasan, separatçı Ermənistanın mənəvi müttəfiqi olasan, əzik bir düşmənin rüsvayçı məğlubiyyətinə qələbə deyəsən, amma öz Vətənini, Dövlətini, minlərlə şəhidin qanı, qazinin fədakarlıq dolu əzabı hesabına qazanılmış Qələbənin müəllifini-Böyük bir Lideri, Bütöv bir Xalqı gözdən salmağa çalışasan.
Azərbaycana qarşı hansı mövqedə olmalısan ki, havasını udub, suyunu içdiyin torpağa, yurda-düşmən qüvvələrdən öz əlinlə, öz dilinlə cəza istəyəsən! Dövlətini Tarixi Zəfərə çatdıran Prezidentə, siyasi-hərbi rəhbərliyə…. elə bu Zəfəri həzm etmək istəməyən, beynəlxalq ədaləti bərpa etməsini Azərbaycana heç cür bağışlaya bilməyən bəzi dövlət və qurumlardan vətənin Azərbaycana sanksiya tələb edəsən!? Odur ki, bütün qeyd olunanlara Prezident İlham Əliyevin sözləri ilə münasibətinin bildirilməsi doğru olardı: “Dövlətə, xalqa qarşı müxalifətdə dayanmaq olmaz!”
Polad Mehdi
Vəkillər Kollegiyasının üzvü
