"Bu gün məmnunluqla demək olar ki, ölkəmizdə məhkəmə-hüquq sistemində ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində insan hüquqlarının müdafiəsi, ədalət mühakiməsinin müasir standartlara uyğunlaşdırılması, məhkəmə hakimiyyətinin müstəqilliyinin və səmərəliliyinin artırılması məsələlərində böyük nailiyyətlər əldə olunub".
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev deyib.
O bildirib ki, müasir inkişafın reallıqları və bu günün çağırışları bütün sahələrdə olduğu kimi məhkəmə hakimiyyətinin fəaliyyətində də islahatların daimi əsasda və sistemli aparılmasını, təkmilləşdirilmələrin və yeniliklərin tətbiqini labüd edir. Məhkəmələrin müasir tələblərə uyğun qurulması, ədalət mühakiməsinin həyata keçirilməsində peşəkarlığın artırılması, innovativ texnologiyaların tətbiqi, məhkəmə proseslərində çevikliyin artırılması dövrün tələbidir.
"Dövr, zaman nə qədər dəyişsə də, cəmiyyət nə qədər inkişaf etsə də ədalət mühakiməsinin əsas vəzifəsi və məqsədi dəyişməz olaraq qalır – insan hüquq və azadlıqlarının qorunması və təmin olunmasıdır. Ədalət mühakiməsinin təməlində duran və ictimaiyyətin məhkəmə hakimiyyətinə etimadını yaradan ən əsas amillərdən biri isə məhkəmə qərarlarının ədalətliliyidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məhkəmə kompleksinin açılışı zamanı söylədiyi nitqində ədalət mühakiməsinin ədalətliliyinə xüsusi diqqət ayırmışdır. O demişdir: “Həyatda hər şey ədalət əsasında qurulmalıdır. Ədalət pozulduqda əlbəttə ki, həm narazılıq yarana, həm də, ümumiyyətlə cəmiyyətin müsbət inkişafı çətinliklərlə üzləşə bilər. Ədalətli qərarlar həm insanlarda dövlətə inamı artırır, eyni zamanda həyatımızı tənzimləyir. Bütün qərarlar ədalətli olmalıdır. Məhkəmə sistemində qəbul olunmuş qərarlar, aparılan islahatlar, bax, bu məqsədi güdür", – deyə R.Rzayev qeyd edib.
Onun fikrincə, məhkəmələrin üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsi və cəmiyyətin gözləntilərinə cavab verməsi üçün yüksək mənəvi keyfiyyətlərə, geniş hüquqi və sosial biliklərə malik olan, müstəqil, ədalətli, məsuliyyətli və vicdanlı hakimlər fəaliyyət göstərməlidir:" Sevindirici haldır ki, bu keyfiyyətlərə malik olan, bilik və bacarıqlarını daim təkmilləşdirən, çağdaş dövrün tələblərinə cavab verən vərdişlər qazanan gənc hakimlərimizin sayı ildən-ilə artır".
