Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində saxlanılan şəxslərlə rəftar məsələləri, saxlanma şəraiti, habelə müvafiq sənədləşmənin araşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarının müəssisələrinə ümumilikdə 352 başçəkmə həyata keçirilib ki, onlardan da 108-i plandankənar olub.
E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü il üzrə məruzəsini təqdim edərkən bildirib.
O qeyd edib ki, başçəkmələr zamanı saxlanılan şəxslər konfidensial qaydada qəbul edilib, onların hüquqlarının təmini vəziyyəti öyrənilib, müraciətləri araşdırılıb, bəzi məsələlər yerində həll olunub, zəruri hallarda aidiyyəti dövlət qurumlarına müraciətlər edilib, habelə əvvəlki başçəkmələr zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması üzrə Ombudsmanın tövsiyələrinin icra vəziyyəti yoxlanılıb.
S.Əliyeva deyib ki, həmin müəssisələrdə ixtisaslı kadr, o cümlədən həkim çatışmazlığının olduğu, vakant ştatların komplektləşdirilməsinə ehtiyacın yarandığı müəyyən olunub.
Ombudsman bildirib ki, həbs yerlərində saxlanılan şəxslərin və məhkumların sağlamlıq hüquqlarının daha effektiv təmini üçün tibbi məlumatların elektron qeydiyyatının aparılması, müəssisələrdə tibbi xidmətlərin sosial xidmətlərə daha sıx inteqrasiyası üzrə zəruri tədbirlərin görülməsi təklif olunur.
"Bundan başqa, penitensiar müəssisələrdə cəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olmuş məhkumların cəzadan azad olunmalarına dair müraciət etmələri ilə bağlı mümkün məhdudiyyətlərin aradan qaldırılması və onların bu hüququnun effektiv həyata keçilməsi üçün zəruri tədbirlərin görülməsi, habelə cəzanı icra edən müəssisə və ya orqan tərəfindən məhkəmələrə müvafiq təqdimatların göndərilməsində olan problemlərin həlli zəruridir", – deyə o qeyd edib.
Şəbnəm Mehdizadə
