- 4 İyun 23:40
Alimlər ilk dəfə olaraq gənc Günəşə bənzəyən ulduzun ətrafındakı toz diskində su buzu aşkar ediblər. Kəşf planet sistemlərinin əmələ gəlməsi və Yerdəki suyun mənşəyi haqqında uzun müddətdir mövcud olan nəzəriyyələrə güclü dəlillər təqdim edir.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA-nın Ceyms Uebb Kosmik Teleskopu (JWST) Cons Hopkins Universitetinin rəhbərlik etdiyi tədqiqatda Yerdən 155 işıq ili uzaqlıqda yerləşən gənc ulduz sistemi HD 181327 ətrafında su buzunun olduğunu aşkar edib. Ulduzun cəmi 23 milyon yaşı var, Günəş sisteminin çox erkən versiyasını (4,6 milyard il) təmsil edir.
Ulduz hələ planetləri əmələ gətirəcək qədər yetişmədiyi üçün onu sıx bir toz və qaz diski əhatə edir. Tədqiqatçılar teleskopun yaxın infraqırmızı spektroqrafından (NIRSpec) istifadə edərək suyun kimyəvi imzalarını aşkar ediblər.
Aşkar edilən su buzunun əksəriyyəti sistemin xarici kəmərində cəmləşib və ümumi kütlənin 20 faizindən çoxunu təşkil edir. Bu quruluş Günəş sisteminin Kuiper qurşağında tapılan “çirkli qartopuları” və ya tozla qarışmış buz kütlələrini xatırladır.
Biz ulduza yaxınlaşdıqca buzun miqdarı azalır. Diskin ortasında demək olar ki, su yoxdur və bunun buzları buxarlandıran ulduzun yaydığı ultrabənövşəyi radiasiyaya bağlı olduğu düşünülür.
Tədqiqatın aparıcı müəllifi Çen Şiyenin sözlərinə görə, buzlu strukturların mövcudluğu planetlərin əmələ gəlməsini asanlaşdırır və suyun meydana gələcək qayalı planetlərə daşınmasına imkan verir. Bu, Yerdəki kimi yaşayış üçün əlverişli mühitlərin əsasını qoya bilər.
Araşdırmanın başqa müəllifi Kristin Çen deyir: "25 il əvvəl aspirant olarkən professorum mənə dedi ki, dağıntı disklərində buz olmalıdır. Amma o vaxtlar onu müşahidə etmək üçün avadanlığımız yox idi".
HD 181327 ətrafında davam edən toqquşmalar və kosmosa səpələnən buzlu hissəciklər də müşahidə olunub ki, bu da sistemin hələ də aktiv şəkildə formalaşdığını göstərir.
Tədqiqatçılar planetar sistemlərin necə əmələ gəldiyini öyrənmək üçün Ceyms Uebb kimi teleskoplarla oxşar sistemləri öyrənməyə davam etməyi hədəfləyirlər.
Araşdırmanın nəticələri "Nature" jurnalında dərc olunub.
Şəbnəm Mehdizadə