- 11:24
Kolumbiya hökuməti narkotiklə mübarizə üçün koka bitkilərini kökündən çıxaran fermerlərə pul ödəməklə qəhvə və kakao istehsalını təşviq edir.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, dövlət bu məqsədlə 14,4 milyon dollarlıq layihəyə start verib.
İndiyədək 4 min ailə ilə razılıq əldə olunub. Məqsəd üç fərqli bölgədə ümumilikdə 45.000 hektar koka sahəsini məhv etməkdir.
Amma bu dəyişiklik fermerlər üçün kifayət qədər risklidir, çünki koka həmişə alıcıları olan və sabit gəlir təmin edən məhsuldur. Məsələn, Caicedo ailəsi əvvəllər koka yetişdirməkdən ayda təxminən 800 dollar qazanırdı. İndi onlar qəhvə üçün cəmi 300 dollar alırlar.
Bəzi fermerlər dövlətdən pul alarkən gizli şəkildə koka yetişdirməyə davam edə bilərlər. Amma layihə rəsmiləri peyk görüntülərindən istifadə etməklə ciddi monitorinq aparılacağını və qaydalara əməl etməyənlərin proqramdan uzaqlaşdırılacağını deyirlər.
Qeyd edək ki, Kolumbiyanın prezidenti Qustavo Petro 2022-ci ildə vəzifəyə gəldikdən bəri ABŞ-ın dəstəklədiyi “narkotiklərə qarşı müharibə” siyasətindən uzaqlaşmaq istədiyini söylədi. O məcburi məhvetmə yolu ilə deyil məsələyə könüllü yanaşma ilə həll tapmaq istəyirdi.
Humay Eminqızı