- 5 İyun 23:03
Rusiyanın Saratov vilayətindəki fermerlər prezident Vladimir Putinə müraciət edərək, sayqaların “işğal”ı ilə mübarizədə onlara kömək edilməsini istəyiblər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Antilop növü olan sayqaların Qazaxıstandan köçdükləri zaman fermerlərin tarlalarını məhv etdiyi bildirilir.
Bir çox fermer sayqa populyasiyasının son illərdə nəzarətdən çıxdığını və heyvanların sayının Rusiyada 1 milyona çatdığını söyləyib.
Fermerlər may ayının sonuna kimi 500 min sayqanın Qazaxıstandan Rusiyaya keçdiyini, minlərlə heyvanın çaylarda boğulduğunu və su ehtiyatlarını çirkləndirdiyini bildiriblər.
1990-cı illərdən bəri nəsli kəsilməkdə olan sayqaların öldürülməsi və ya ovlanması Rusiyada qadağan edilib.
Saratov regional kənd təsərrüfatı naziri bu gün zərərin qiymətləndirilməsi komitələrinin yaradıldığını və fermerlərə dəstək mexanizminin hazırlandığını açıqlayıb.
Qazaxıstan Taxıl İttifaqından Yevgeni Karabanov “Reuters” agentliyinə bildirib ki, 1990-cı illərdə cəmi 25 min sayqa olduğu halda, hazırda ölkədə 4-4,5 milyon sayqa var.
Şəbnəm Mehdizadə