ABŞ Çinli alimləri qeyri-qanuni araşdırma aparmaqda günahlandırır


  • 4 İyun 11:30

ABŞ 2 çinli alimi ciddi xəstəliklərə və kənd təsərrüfatında milyardlarla dollar itkisinə səbəb ola biləcək göbələk növünü qanunsuz idxal etməkdə ittiham edib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

33 yaşlı Yunqing Jian və 34 yaşlı Zunyong Liu təhlükəli göbələyi qaçaqmalçılıq yolu ilə ölkəyə keçirməkdə və Miçiqan Universitetinin laboratoriyasında qeyri-qanuni araşdırma aparmaqda günahlandırılır.

Məlumata görə, Jian və Liu ABŞ-yə gizli şəkildə xəstəliyə səbəb olan Fusarium graminearum göbələyini gətiriblər. Bu göbələk buğda, arpa, qarğıdalı və düyü kimi əsas məhsullara təsir edərək böyük məhsul itkisinə səbəb olur. Bu göbələyin həm insanlar, həm də heyvanlar üçün ciddi sağlamlıq riskləri yaratdığı bildirilir.

Zunyong Liu 2024-cü ilin iyul ayında Detroit hava limanında şübhəli bitki nümunələri ilə yaxalanıb. İlkin olaraq sorğu-sual zamanı materialın nə olduğunu bilmədiyini deyən Liu, daha sonra araşdırma üçün onları Miçiqan Universitetinin laboratoriyasına gətirdiyini etiraf edib. Yunqing Jianın sözügedən laboratoriyada işlədiyi, Liunun isə əvvəllər eyni universitetdə çalışdığı bildirilib. Jian və Liu əvvəllər Çində bu göbələk üzərində birlikdə araşdırma aparıblar.

Məlum olub ki, Jian Liu tutulmazdan əvvəl Miçiqan Universitetindəki laboratoriyada bu zərərli göbələyi yetişdirməyə başlayıb. Bununla belə, universitetin bu cür riskli bioloji materiallara sahib olmaq və ya istifadə etmək üçün lazımi federal icazələrə malik olmadığı bildirilir.

Yunqing Jian həbs olunduqdan sonra ilk məhkəmə iclası keçirilib. Zunyong Liu isə dindirildikdən sonra Çinə geri göndərilib. ABŞ və Çin arasında ekstradisiya müqaviləsi olmadığı üçün Liu ölkəyə qayıtmasa, onun mühakimə olunması ehtimalı azdır.

ABŞ-nin baş prokuroru Jr. Jerome Gorgon hadisənin milli təhlükəsizlik məsələsi olduğunu söyləyib:

“Bu iki əcnəbi potensial aqro-terror silahını Amerikaya qaçaqmalçılıq yolu ilə keçirməkdə ittiham olunur. Görünür, onlar Miçiqan Universitetinin laboratoriyasında bu göbələk üzərində işlərini davam etdirmək istəyiblər", - deyə Gorgon əlavə edib.

ABŞ dövlət katibi Marko Rubio keçən həftə Çinli tələbələrin vizalarının ləğv ediləcəyini açıqlayıb. Rəsmi Pekin bu qərarı “özbaşınalıq və ayrı-seçkilik” adlandırıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər